23 Ekim 2014 Perşembe

Kosalar kənd sovetliyinə daxil olan ən ucqar kənd - Qaragav

        Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 14 km şimal-qərbdə, Şuşadan  şimal-qərbdə, Xocalıdan cənub-qərbdə dağlıq ərazidə, dəniz səviyyəsindən 1500 m yüksəklikdə  yerləşir. On altı evdən ibarət kənd Qırxqız dağının ətəyində yerləşirdi. Kosalar kənd sovetliyinə daxil olan ən ucqar kənd idi. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xusüsiyyətlərindən idi. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi.  Zəngin çəmənlərə malik olması burada heyvandarlığın inkşafına müsbət təsir göstərirdi.
     İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi.

       Adının mənşəyi, yaranma tarixi.
Qaragav qədim yaşayış məskənlərimizdəndir. Ərazinin məskunlaşılması XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aiddir. Deyilənlərə görə, əhali əsasən Laçın ərazisindən gəlib. Əhalisi demək olar ki, bir nəsildəndi. Bütün bunlara baxmayaraq, Qaragav ərazisi qədim yaşayış məskəni olmuşdur. Bunu qədim qəbir abidələri, müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir. Ancaq uzun illər bu yaşayış məntəqəsi bütün rəsmi sənədlərdən kənarda qalmışdır. Kosalar kənd nümayəndəliyinə daxil olan kəndlərdə hamı nümayəndəliyin 6 kənddən ibarət olduğunu bilirdi. Lakin bu rəsmi sənədlərdə öz əksini tapmamışdır. Sovet hökuməti dövründə bu, erməni xislətinin nəticəsi olmuşdur. Ermənilər Qarabağda azərbaycanlıların və yaşayış məskənlərinin sayını az göstərmək naminə belə xain əməllərə əl atmışlar. 
        Qaragav adının etimalogiyası da maraq doğuran məsələdir. Qaragav: “Qara” – böyük; ulu; qara (rəng), “Gav” – keçid; çətin keçilən keçid.

        Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı erməni qəsibkarları təcavüzə başlayan gündən Qaragav kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Münaqişə ərəfəsində ruslar tərəfindən əhalinin əlində olan ov silahları da yığıldığından müəyyən çətinliklər meydana çıxdı. Buna baxmayaraq özünümüdafiə dəstələri ümidlərini itirmədən vətənin keşiyində mərd dayandılar.
        Şuşanın işğalı əhalinin son ümid çırağını da söndürdü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Daha əvvəl Xocalı və Xankəndinin işğalı kəndin vəziyyətini onsuzda ağırlaşdırmışdı.  Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə  Qaragav  döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Əhali düşmənə qalmasın deyə apara bilmədiyi texnikaya və daşınılmaz  əmlaka  od vuraraq dağlıq ərazilərlə çıxmağa məcbur oldu.   

      Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan  qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Qaragavın tarixi qəbiristanlığı “Bayramdüşən”dədir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı.

      Əhalisi (sayı, milli tərkibi). Qaragav  kəndində 36 ailə, 150 nəfər sakin yaşayırdı.  Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan  ibarət idi.   

     Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 1 kitabxana, 1 klub, 1 FMM mövcuddur.
   
     İqtisadiyyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi.  Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı.  Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu, arıçılıq və ovçuluq aid idi. Ancaq əhalinin əsas məşğuliyyəti maldarlıq olmuşdu. Geniş otlaq və meşə sahələri mövcud idi. Qarabağ əhalisinin xeyli hissəsini yağla, ətlə, balla Qaragav təmin edirdi.  Geniş əkin və biçənək sahələri var idi. Uca dağların qoynunda, əsrarəngiz təbiətə,  gözəl içməli sulara malik olan bu kəndə  XX əsrin sonlarına qədər avtomobil yolu çəkilməmişdir. Elektrik yox idi.  Əhalinin yeganə nəqliyyat vasitəsi atlar idi. Qoçaq, cəsur adamları ilə seçilən bu kəndin çoxlu qoyun sürüləri, mal-qara naxırları, at ilxıları olardı. Sonradan çəkilən avtomobil yolları Qaragavı Ballıca və Kosalar kəndləri ilə birləşdirirdi. Qarabağ müharibəsi ərəfəsində Meşəli kəndinə qədər dağ yolu çəkilmişdir.

Hiç yorum yok:

Yorum Gönderme