23 Ekim 2014 Perşembe

Kosalar kəndinin toponim adları

          Hər bir yerdə olduğu kimi Kosalar kəndində də maraqlı yer adları mövcuolmuşdur. Bu  adların hərəsinin öz tarixi, mənşəyi və maraqlı izahı vardır:

    Uzun yer- eninə, boyu nisbətən çox uzun olduğuna görə belə adlandırılmışdır.
        Pencərli yal- heyvanların yataq yeri olduğundan həmin yerdə çoxlu pencər (cincilim) olurdu.
            Ağaların yeri- yəqin ki, ya hansısa ağanın və yaxud ağa adlı adamın yeri olmuşdur.
            Sarının binəsi- Sarı adlı bir nəfər həmin yerdə ağacdan tövlə tikib mal qara saxlayıb. Yəni binə edib.
           İmamqulu əkən-  adı çəkilən şəxsin əkin yeri olmuşdur.
           Əskər əkən təpə-  adı çəkilən şəxsin əkin yeri olmuşdur.
           Mədətin yeri-  Mədətin əkin-biçin sahəsi olub. 
           Zoğallıq-  əkin yeri olmuşdur, ətrafında zoğal ağacı çox idi.
           Cəbrayılın yeri- Cəbrayılın əkin-biçin sahəsi olub.
           Qurbanın yeri- Qurbanın əkin-biçin sahəsi olub.
           Zamanın yeri- Zamanın əkin-biçin sahəsi olub.
           Sarı tala- qış vaxtı kolxozun mal-qarasının saxlandığı yer olub. Bu ad orada çoxlu müxtəlif sarı çiçəklərin olması ilə bağlıdır.
           Göl yeri- vaxtı ilə göl olub.
      Balaqan- ?
           Əzgilli- əzgil ağaclarının çoxluq təşkil etdiyinə görə həmin yerə bu ad verilmişdi.
           Ya Əli dağı- dağ kəndin cənubunda yerləşirdi. Göründüyü kimi qibləyə düşürdü. Ola bilsin ki, bu baxımdan sakinlər üzlərini qibləyə tutub Ya Əli deyə iman gətirərək, kömək diləmişlər...
            Muxtökən (Mıx tökən)- sərt yoxuş olduğu üçün atların ayağında nal durmurdu.
           Çobandaşaşıran- el yaylağa gedərkən həmişə bu ərazidən keçərdi. Çobanlar hündür qayanın arxa üzünə daş aşırmaq üçün mərc gəlirlər. Biri bu işin öhdəsindən gələ bilir, bununla həmin qayanın adı Çobandaşaşıran qalır.
           Mıraqaz- ?
           Mirzə əkən- Mirzə kişinin əkin sahəsi olub.
           Darılı- çox güman ki, həmin ərazidə darı əkinləri üstünlük təşkil etdiyindən həmin ərazi belə adlandırılmışdır.
           Çalayurd- ərazi yurd yeri idi. Çökəklik olduğuna görə belə deyilirdi.
           Qaşqa güney- Ərazinin relyef xüsusiyyətlərinə görə bu cür adlandırılırdı.
           Təndirli- ?
           Dəflər- yurd yeri idi. Hər yay burada çoxlu alaçıqlar (dəf) qurulurdu. Belə adlandırmanın səbəbi bu idi.
           Hacı talası (İsmaylın talası)- ərazidə İsmayıl adlı bir şəxsin evi mövcud olmuşdur ki, son zamanlara qədər həmin binənin qalığı dururdu.
           Kotanqaya- zirvəsi şiş qaya kotana bənzədiyi üçün ona belə deyilirdi.
           Darçay-  dar sıldırım qayalarla əhatə olunmuş dərədən axırdı.
           Çuxur tala- adı çəkilən tala çökək ərazi quruluşuna malik olduğuna görə belə adlandırılmışdır. Ola bilsin Çalayudla eyni əraziyə işarədir.
           Palçıqlı- yurd yeri olub, ilin yağıntılı aylarında palçıqlıq olardı.
           Qurtlu bulaq- suyun içində qurdlar üzərmiş.
           Şotlanlı yaylağı- ?
           Ələm ağacı- İmamlarımızın qətil günü insanlar həmin ağacın ətrafına toplaşaraq mərsiyə deyərmişlər.
          Yelli gədik- gədik aşırım deməkdir. Ərazi küləkli olduğu üçün belə adlandırılmışdır.
           Qırxqız- adın mənşəyi şah və onun qırx kənizi haqqındakı rəvayətlə əlaqələndirilir.
           Pərişan doğranan- deyilənə görə, həmin ərazidə Pərişan adlı bir nəfər öldürülmüşdür.
           Nayıblı dağı- ?
           Bayram düşən- Bayramın yurd yeri olub.
           Laləli dağ- ərazidə lalə gülü çox idi.
           Təkqəbir- ərazidə tək məzar olmuşdur.
           Talanın bulağı- bulaq yerləşdiyi ərazinin xüsusiyyətlərinə uyğun adlandırılmışdır.
           Haça bulaq- ?
           Cavadların bulağı- kəndin adı ilə adlandırılmışdır.
           Fındıqlı- ərazidə fındıq ağacı çoxluq təşkil edirdi.
           Maşınuçan- ərazidə maşın qəzaya düşmüşdür.
           Məhəmməd Ağanın qoruğu- Məhəmməd ağanın qoruq yeri olmuşdur.
           Dəvəboynu- ərazinin relyef quruluşu dəvənin boynunu xatırladırdı.
           İstisu bulağı (İstisu)- ?
           Sarı bulaq- ?
           Alçalı-  ərazidə alça ağacı üstünlük təşkil edirdi
           Qreh yolu- fransızlar Çayqovuşandan  Laçının Fərraş və Nürəddin kəndlərinə  Avropaya qiymətli qırmızı palıd aparmaq üçün araba yolu  çəkmişdilər.
            Çayqovuşan- ərazidə iki çay qovuşurdu. Sağ qol Sarıtala çayı, sol qol Alçalı çayı burada qovuşur.     
            Ulasdı yal- vələs ağacı ərazidə çox bitdiyi üçün belə adlandırılırdı.
        
          Kosalar kəndi və ətrafındakı ərazilərdə adını çəkmədiyimiz belə yerlər çox idi.

Hiç yorum yok:

Yorum Gönderme