3 Kasım 2014 Pazartesi

ƏSKƏROV KƏRƏM - Kosalar elinin başı sağ olsun.


          Əskərov Kərəm Əşrəf oğlu 1941-ci il may ayının 20-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində dünyaya göz açmışdır. O, ilk təhsilini Kosalar kənd 7 illik məktəbində, 11 illik təhsilini isə Kosalar kənd fəhlə-kəndli axşam məktəbində alaraq, Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuşdur. Kərəm kişi 1978-ci ildə həmin məktəbi bitirərək, ali partiya məktəbinin dinləyicisi olmuşdur (1978-83-cü illərdə). O, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olmuş, 1996-cı ildə oranı aqranom və politexnik ixtisasları üzrə bitirmişdir.
       Kərəm kişi bir müddət klub müdiri, 1964-69-cu illərdə kolxoz komsomol komitəsinin katibi,  1974-cü ilədək isə kolxoz partiya təşkilatı katibi işləyib. 13 dəfə kənd, rayon, vilayət deputatı seçilib,  14 il Vilayət Ali məhkəməsinin üzvü olub. O, 1974-2009-cu illərdə Kosalar kənd İcra Nümayəndəsi vəzifəsində çalışmışdır. Bütün fəaliyyəti dövünrdə o, elinə bağlılığı ilə daim seçilmişdir. Kərəm kişi bu vəzifədə işlədiyi ilk illərdə Sovetliyin 5 ştat yeri olmuşdur. Sonralar yeni iş yerləri təşkil olunmuşdu ki, belə iş yerlərinin açılmasında onun da xidmətləri az olmamışdır.
       Bundan başqa, bir müddət Cəmilli kəndi də müvəqqəti olaraq Kosalar İcra Nümayəndəliyinə tabe edilmişdir. Burada da bir çox sosial obyektlərin təşkilində Kərəm kişi yaxından iştirak etmişdir.
      Fəaliyyəti dövründə göstərdiyi xidmətlərinə görə o, bir çox fəxri fərman və mükafatlarla təltif olunmuş, 1986-cı ildə “Əmək veteranı” medalı ilə, 2008-ci ildə “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı ilə təltif olunmuşdur.
         Müharibə illərində də Kərəm kişinin xidmətləri az olmamışdır. Kəndin müdafiəsinin təşkilində, silah - sürsatla təminatında onun xidmətləri danılmazdır
        Ölüm haqqdır. Qoca və əzəmətli çinarlar da bir gün yarandığı yerə - torpağa qarışır. Doğma elə - obadan didərgin düşən, qürbət eldə Vətən həsrəti ilə yaşayan Kərəm kişi payız fəslində, ömrünün payızında dünyasını dəyişdi. İndi onun ruhu Qarabağ torpağında, Kosalar kəndində dolaşır. Ruhu şad olsun!
        Kərəm kişi həmişə camaatın köməyinə çatıb, onların problemləri ilə yaxından maraqlanıbdır. Kosalar kəndini qəhrəmanlar kəndi, Qırxqızda qartal yuvası adlandıran Kərəm dayı elimizin dəyərli ağsaqqalı, ziyalısı idi. Kənd camaatı ona xüsusi hörmət bəsləyirdi. O, dünyasını dəyişsə də Kosalar eli heç zaman onu unutmayacaq və yad edəcəkdir. 

          Allah rəhmət eləsin Kərəm kişi! Kosalar elinin başı sağ olsun.

Hiç yorum yok:

Yorum Gönderme