6 Kasım 2014 Perşembe

Rüstəm Quliyev



     
          Quliyev Rüstəm Yelmar oğlu Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. Onlar əkiz qardaşlar idi, Rüstəm və İlyas. Onlar Kosalar kənd orta məktəbində birgə oxudular. Orta məktəbi əla qiymətlərlə başa vuraraq, Azərbaycan Neft- Kimya İnstitutuna birlikdə daxil oldular. İnstitutu başa vurub əsgərlik xidmətinə yola düşürlər. Əkiz qardaşlar Sovet ordusu sıralarında hərbi xidməti başa vurduqdan sonra, doğma Kosalar kəndinə geri qayıtdılar.
        Uşaqlıqdan Rüstəm başqalarından fərqlənərdi. 5 yaşından atası Yelmar müəllimin yanına düşüb, tez-tez məktəbə gələrdi. Balaca Rüstəmin musiqiyə xüsusi marağı var idi. Onun kiçik yaşlarında tar çalması hamını heyran qoymuşdur. Bu balaca, hələ tara gücü çatmayan oğlan, sanki öz çalğısı ilə gələcəkdə məhşur sənətkar olacağam deyirdi. Sonraki illərdə də Rüstəm meylini əsas musiqiyə saldı. Rüstəmin bu həvəsinə evdə hamı qoşulmuşdu. Bacı-qardaş hərə bir alətdə ifa edərək, sanki Rüstəmin səsinə səs verirdilər. Maraqlı burası idi ki, bu ailə ansamblının müəllimləri elə özləri idi. Rüstəm həm də gitarada gözəl ifa edirdi. Rüstəmgilin evi kəndin yuxarı başında idi. Səhər-axşam Rüstəmin ifası kəndi musiqi sədalarına qərq edirdi.
       Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq, Rüstəm də kəndin müdafiəsinə qoşuldu. Kosalar kəndinin əli silah tutan hər bir nəfəri kimi o da torpağı uğrunda mərdi-mərdanə döyüşdü. Ancaq artıq tək qalmış Kosaları müdafiə etmək mümkün deyildi. Rüstəm də öz doğma ev-eşiyindən dididərgin düşərək, Bakıya pənah apardı. Şəhər mühiti onun istedadının daha da çiçəklənməsinə şərait yaratdı. Onun gitarasının səsi az müddətdə Azərbaycana yayıldı. İstedadı onu çox yerlər, çox ölkələr gəzdirdi. Musiqi albomları işıq üzü gördü, gitara sənətinin şahı olan Rəmiş ona “bala Rəmiş” deyə müraciət etdi. Bəlkə də hələ heç kim belə sürətlə inkişaf edərək, şöhrətin zirvəsinə doğru, eləcədə həyatının sonuna dğru irəliləməmişdi. Ömrünün və sənətinin ən gözəl çağlarında Rüstəmin qəflətən səsi tutuldu. Bir neçə dəfə əməliyyat olmasına baxmayaraq, həkimlər dərdinə əlac edə bilmədilər. Yenicə ailə həyatı qurmuşdu. 1 oğlu dünyaya gəlmişdir. Balaca Vüsalı böyütmək ona qismət olmadı. Ölüm onu tez haqladı. Əbədiyyətə qovuşdu. Qəlblərdə özünə yuva saldı. 

Hiç yorum yok:

Yorum Gönderme