8 Aralık 2014 Pazartesi

Qaçaq Mahmud


        Nəcəfov Mahmud Ələsgər oğlu Kosalar kəndində anadan olmuşdur. Uşaqlığı və gəncliyi bu yerlərdə keçmişdir.
         O, sarıyanız, boydan çox da hündür olmayan bir adam idi.
      Şura hökmətinin Azərbaycanda yeritdiyi mürtəce siyasətə və kollektivləşdirməyə qarşı yüzlərlə silahlı qaçaq dəstəsi fəaliyyət göstərirdi.1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdir. Təkcə 1929-33-cü illərdə - 4 il ərzində onların sayı 400-dən çox olmuşdur.
       Belə qaçaqlardan olan,  öz igidliyi, qoçaqlığı, qorxmazlığı ilə seçilən, yuxarı Qarabağın Kosalar kəndində doğulmuş, ad-sanı ilə tanınan Qacaq Mahmud nəinki sovetlərə, hətta ermənilərə  qarşı çox amansız olmuşdur. Qaçaq olmasının səbəbi isə ermənilərin ona qarşı qərəzli hücumları olmuşdur. Çünki o da çoxlu erməni   öldürmüşdür. O zamankı rayon rəhbərləri Mahmudu  tapıb və həbs etmək istəyirlər. Ancaq Mahmud erməni silahlılarının qabağından elə qaçır ki, arxasınca güllə belə ata bilmirlər. O, həm də sərrast atıcı olmuşdur.
     Xankəndində Cəlal adlı bir erməni var idi. Qaçaq Mahmud onu Kərkicahan tərəfdə o tay-bu tay “5 atılan“la atır. Digər erməni quldurları başçılarının qanını almaq üçün Mahmudu atəşə tutaraq mühasirəyə almağa çalışırlar.
O, düşməni aldatmaq üçün yapıncısını yerə ataraq, atın döşünə yatıb oradan uzaqlaşır. Yapıncını görən düşmən Mahmudun vurulduğunu və atının qaçdığını zənn edirlər.
      Erməni quldurbaşı Calal ölməzdən qabaq, yaralıykən: “Məni o məsafədən ancaq Mahmud ata bilərdi” -demişdir. Bunu sonradan Calalın qızları deyirmiş.
      Digər bir məlumata görə Mahmud kişi Əsgərandan keçəndə görür ki, ermənilər daşa dolub onu gözləyirlər. Atı bərk sürərək çiynindəki yapıncısını irəli tullayır. Düşmənlər elə bilirlər  ki, Mahmudu vurdular və o, atdan yıxıldı . Yapıncını gülləyə tuturlar o isə atı geriyə çevirərək aradan çıxır. 
      Mahmud çox ehtiyatlı adam idi, heç kimə güvənməz, çətin vəziyyətdə cəld qərar qəbul edərək gözlənilməz manevr edib vəziyyətdən çıxardı. O, heç vaxt başqa adamla, hətta ailəsi ilə bir yerdə yatmazmış (iki adamla bir yerdə yatmalı olanda, yoldaşı yatandan sonra yerini dəyişərdi). Başqa-başqa yerlərdə qalar, yerini tez-tez dəyişərmiş.  Kosalar ərazisini “beş barmağı” kimi tanıyırdı. Müxtəlif ərazilərdə yalnız özünə məlum olan daldalanacaqları  var  idi. Belə yerlərdən biri də Sarı tala meşəsindəki kaha idi ki, ona sonradan Mahmudun “siqreti” deyirdilər. 
      Bir dəfə Mahmudun gizləndiyi yeri NKVD (Xalq Daxili İşlər Komisarlığı) qüvvələri mühasirəyə alır. Bu yerdə onun  vəziyyətdən cəld çıxmaq bacarığı köməyinə gəlir. Mahmud daldalandığı yerdən düşmənə atəş açmağı ailəsi üçün təhlükəli hesab edir. O, qadın paltarı geyərək tüfəngi altdan qurşanıb, əlində səhəng suya getmək adı ilə içərdən çıxır. Milis işçiləri onun bu fəndinə aldanaraq su dalınca getməsinə icazə verirlər.  Bir az aralaşdıqdan sonra daşın dalına girib silahını milis işçilərinə tərəf tuşlayaraq deyir: “Malı-mülkü götürün, ailəmi sərbəst buraxın, yoxsa leşinizi yan-yana sərəcəyəm”. Mahmudun sərrast atıcılığına bələd olan NKVD qüvvələri onun ailəsini sərbəst buraxırlar.
       Mahmud evinin çardağında yatdığı yerdə hiss edir ki, milis işçiləri evə daxil oldu. Yuxarıdan aşağı onların  ayaq səsinə birini vurur və çardaqdan atın belinə atılaraq aradan çıxır.
        Bir gün Mirzəyev Hüseyn yolla getdiyi yerdə arxadan səs gəlir: “Geriyə çönmə, get evdən çörək gətir o ağacdan as”. Hüseyn kişi elə də edir. Bu arada səs-küy düşür ki, kəndə milis işçiləri gəlirlər... Sonradan Hüseyn kişi çörək qoyduğu yerə bir neçə dəfə baş çəkir ki, görsün götürülüb ya yox. Ancaq çörək yerində idi...
        Mahmud ermənilərə qan uddururdu. O, çox erməni öldürmüşdü.
        Sarı Babada, Qırxqızda hökümətin çoxsaylı dəstələri onun dalınca düşərmiş. O da həmişə bir və yaxud ikisini vurduqdan sonra Mahmudan əl çəkib geri qayıdarmışlar.
        Bəzən müxtəlif şəxslər el dağa gedəndə köçü çapıb talayarmışlar və deyərlərmiş ki, bunu edən Mahmuddur. Bunun cavabını Mahmud çox sərt ödətmişdir.  
       Onun arvadı Züleyxa da Mahmudla birgə 5 il qaçaqlıq edib. Meşədə Züleyxanın bir qızı olur. Adını Sığınaq qoyurlar. Onu uşaqla birgə tutaraq türməyə salırlar, sonra onu uşaqla birgə türmənin yanında bir erməni evinə verirlər ki saxlasınlar. Mahmud kişi günün günorta çağı gedib NKVD Kiponun evinə girir. Kiponu hədələyib deyir ki, sabah onu azad edib qohumlarına verməsən səni öldürəcəyəm. Kipo səhər tezdən arvadı azad edib, Ağdamın Sarıcalı kəndində qardaşlarına təhvil verdirir. Ancaq təəssüflər olsun ki, uşaq ölür. Züleyxa arvadı iki dəfə tutmalarına baxmayaraq Mahmud kişi onu azad edir. 
      1937-ci ilə qədər hökumət onun 100 baş inəyini, bir ilxı atını, qoyun, keçi sürüsünü və ev əmlakını əlindən alır. Hökumətlə heç cür barışmayan Mahmud dövlətə,  erməni mənşəli məmurlarına qarşı daim amansız olmuşdur. Onun Usuf, Azad, Behbud və Zaman adlı qardaşlarını həbs edib sürgünə göndəriblər. Ancaq Kosalar əhalisi həmişə Mahmuda əllərindən gələn köməkliyi etmişlər.
        Deyilənə görə, onun 150 baş qaramalı, 2000 baş qoyunu, at ilxısı, Xankəndində evi və karvansarası olmuşdur. Eyni zamanda atasınnan da böyük mal-dövlət qalmışdır. Sadalananlardan əlavə Darçayda onun iki dəyirmanı olub. Son dövürə qədər dəyirmanın daşları dururdu.
       “At muraddı” -deyiblər. Mahmud kişinin bir boz atı var imiş. Onunla İrana və başqa yerlərə tez-tez səfərlər edərmiş. Bir gün bu atı canavar yeyir. Bir həftə çörək yeməyən Mahmud kişi deyir ki, boz atım getdi, mənim igidliyim də getdi.
        Bir dəfə qaçahaqaç düşür, Mahmud kişi bütün qızıllarını yığıb qardaşı arvadı Dürdanəyə (Məhəmməd ağanın qızı olub) verir. Çayı keçəndə qızıllar onun əlindən çaya tökülür.
       Mahmudun oğlu Məhəddin Məmmədov: “Mənim atam ancaq erməniləri qırıb. Ermənilər atamı çox hərləyib, lakin tuta bilməyiblər. Əsas məskəni Qırxqız meşələri olub. Mir Cəfər Bağırov çox dəvət edib ki, üzə çıx səni tutmayacam”.  
      Bir dəfə Mahmud Ağdam tərəfdə ailəsi ilə dostunun yanında idi. NKVD-dən bir qrup milis işçisi dostunun evinə gəlir.Onlar Mahmudu tanımırlar. Birdən bir nəfər milis işçisi gözü Mahmudun oğluna sataşır. O, deyir: “Gözlərin necə də Mahmudun gözlərinə oxşayır”. Ev yiyəsi: “Mənim oğlumdur” -deyərək, izi yayındırmaq üçün uşağı atı qaytarmaq bəhanəsi ilə göndərir ki, milisin nəzərindən yayınsın.
     O, 1936-cı ilə qədər qaçaqlıq etmiş, sonra izsiz, soraqsız yoxa çıxmışdır. Mahmud  bundan sonra bir daha üzə çıxmır, heç bir yerdə görünmür.
      Qeyri-rəsmi məlumatlara görə başqa adla Bərdə rayonunda yaşamışdır. Müəyyən kənd sakinlərini görəndə bəzi sözlər soruşar, doğma kəndi haqqında məlumat alaraq kövrələrdi. “Dövrana bax, zamana bax bir vaxtlar at oynatdığım meşələr, dağlar, indi sənə bir quş baxışı belə baxa bilmirəm”. 
      Mahmud Bərdə ərazisində XX əsrin 80-ci illərinə qədər onu tanıyanlardan gizli şəkildə yaşamışdır. Bəlkə də hansısa qohumu ondan xəbərdar idi...
      Oğlu Məhəddin: “ Qarabağda atamı çox soraqladım, bir nəfəri tapdım. O, mənə dedi ki, Mahmud kişi heç bir yana getməyib. Qarabağda köçəri Təhlə tayfasının içində yaşayıb. Şotlanlıdan Bahar adlı arvadı olub. 1984-cü ilə qədər yaşayıb və 102 yaşında vəfat edib. Sonra əsli türk olan Rza kişini tapdım. Beş dəfə yanıma gəldi. Dedi ki, atanın çobanı olmuşam.Mənə var-dövlət verib. Atamın yeganə şəkilini də o verdi”.
       Qızı rəhmətə gedir. Bunu eşidən Mahmud kişi çox kədərlənir. Gecə ikən xəbərsiz 7-yə qədər qoyunu yas üçün gətirərək, oğlunun həyətində qoyub gedir.
     1937-ci ildə bütün nəsli Orta Asiyaya sürgün edilmişdir.
      Nəhayət, Qaçaq Mahmudun sağ qalan övladlarına Ümumittifaq əzilmiş, günahsız siyası qurbanlar Assosiasiyasının Azərbaycan şöbəsi 1989-cu il yanvar ayının 16-da bəraət verir.
         Mahmudun Kosalar kəndində 12 otaqdan ibarət böyük evi var idi. Sovet hökuməti bu evi müsadirə etdikdən sonra burada bir çox müəsisələr fəaliyyət göstərmişdir: Bina uzun illər (müxtəlif zamanlarda) məktəb, Kənd Soveti idarəsi, tikiş sexi, oyuncaq sexi və s.  kimi xalqa xidmət etmişdir. 
      Müsür Quliyev (qızının xatirələrindən): “...Sovet sədri işləyirdim. Şuşanın naçalniki mənə dedi ki, Mahmud Qırxqızın Çalayurd yaylağındadır... Onu tutmaq üçün bizə kömək etməlisiniz. Bu xəbəri gecə ikən Mahmuda çatdırdıq. Xalq Mahmudu sevdiyi üçün onu ələ vermirdi”.   
           Bu yerdə məhşur el misalı yada düşür: “Qaçağı el saxlar”.         

Hiç yorum yok:

Yorum Gönderme