19 Ocak 2015 Pazartesi

Əhmədov Xəlil


       Əhmədov Xəlil Yaqub oğlu, 31 avqust 1954-cü ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Kosalar kəndində anadan olmuşdur. O, 1961-ci ildə Başkənd ibtidai məktəbinin 1-ci sinfinə getmişdir. Ailəsi Ağdam şəhərinə köçür. Bununla əlaqədar olaraq o, təhsilini Ağdam
şəhər 5 saylı orta məktəbində davam etdirir. Hər yay gününü doğma kəndində keçirərdi. Uşaqlıqdan musiqiyə böyük həvəsi olduğu üçün atası Yaqub kişi ona qarmon alır. Balaca Xəlil 5-ci, 6-cı siniflərdə oxuyarkən Azərbaycanda məhşur sənətkar olan Əli müəllimdən dərs almışdır. 8-ci sinfi bitirdikdən sonra Üzeyir Hacıbəyev adına musiqi texnikumuna daxil olur. O vaxtlar həmin musiqi məktəbində qarmon şöbəsi olmadığından onu xor-dirijorluq şöbəsinə qəbul edirlər. 1974-cü ildə həmin məktəbi bitirərək məktəbdə 2 ay qarmon müəllimi işləyib, hərbi xidmətə yola düşür. 1976-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra musiqi təmayüllü internat məktəbində müəllim kimi (qarmon sinfində musiqi müəllimi) fəaliyyətə başlayır. 1993-cü ildə Ağdam şəhəri mənfur erməni quldurları tərəfindən işğal edildikdən sonra öz doğma eli, Kosalar kənd əhalisi ilə birlikdə Hacıkənd qəsəbəsində məskunlaşmışdır. Burada o, Yaloba kənd orta məktəbində ixtisası üzrə müəllim işləyir.

      Ağdamda yaşadığı illərdə hər yayı öz kəndində keçirərdi. Xəlil müəllim: “Təxminən 16 -17 yaşlarım olardı, doğma kəndimizdə idim, mənzərəli yerlərdə oturub hər gün qarmonla ifa edərdim. Bir dəfə musiqinin səsini eşidən atamın xalası oğlu Rəşid əmi gəlib yanıma dedi ki, ay xala nəvəsi, oğluma toy eyləyirəm, qarmonunun səsi çox xoşuma gəldi. Bir neçə oyun havası deyəcəyəm, əgər bilsən toya səni aparacağam... Nə isə, toya gedəsi oldum.” O vaxtdan Xəlil müəllim musiqi aləmində yavaş-yavaş tanınmağa başladı. Aydın Məmmədov,  Yaqub Məmmədov, Şahmalı Kürdoğlu, Qədir Rüstəmov, Səxavət Məmmədov, Yusif Mustafayev və bir çox başqa Qarabağ sənətkarları ilə yoldaşlıq etmişdir. Dəfələrlə Bakıya dəvət olunmasına baxmayaraq, o, el içində yaşamağı hər şeydən üstün tutmuşdur.
      Xəlil müəllimin bir çox musiqiçilərin yetişməsində zəhməti çox olmuşdur.
       Xəlil müəllim mənimdə müəllimim olmuşdur. Bu baxımdan ona qarşı münasibətim yaxşı mənada tamam fərqlidir. Ancaq mən bu sənəti davam etdirmədim.

      Vətənini sevən bu insan dəfələrlə müxtəlif yerlərdə, xüsusilə hərbi hissələrdə konsertlər ilə çıxış etmişdir.

Hiç yorum yok:

Yorum Gönderme