19 Ocak 2015 Pazartesi

MƏMMƏDOV FƏRHAD

         
          Məmmədov Fərhad Həbib oğlu 1924-cü ildə Kosalar kənd nüma-yəndəliyinə daxil olan Başkənd kən-dində anadan olmuşdur. İlk təh-silini Kosalar kənd ibtidai məktəbində almışdır.
      Böyük Vətən Müharibəsinin başlaması ilə əlaqədər olaraq, Kosalar kəndində cəbhəyə yola düşənlərdən biri də Fərhad kişi olmuşdur. Müharibə bitir. Fərhad kişiyə də Vətənə qayıtmaq nəsib olur. Müharibədən qayıtdıqdan sonra, dinc quruculuq illərində o, bir çox vəzifələrdə çalışmışdır.
         Fərhad Məmmədov Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir.
      Fəaliyyət göstərdiyi müddətlərdə elinin, obasının qayğısına qalmışdır. O, heç vaxt eli üçün əlindən gələni əsirgəməzdir. Baxmayaraq ki, onun vaxtsız ölümündən 29-il ötür. Tanıyanların dilindən hələ də xatirələri əksik olmur.
    Başkənd torpağı, suyu ilə daim istedadlar yetirmişdir. Onlardan biri də gözəl şeirləri ilə qəlbləri oxşayan Fərhad kişi olmuşdur. O, işdən vaxt tapanda gözəl şeirlər yazardı. Çox yazıları  isə  digər insanlarda qalardı. Bəzən onun şeirləri kimlərinsə xatirələrində dövrümüzə qədər gəlib çatmışdır. Fərhad kişinin şeirləri toplanaraq “Ömür karvanım” (2011) adı altında toplu şəkildə çap etdirilmişdir. Yazdığı şeirlərində el-obaya, Allaha sidq ürəkdən bağlılıq, Vətənə məhəbbət hissi ustalıqla qələmə alınıb. Eləcə də qəmli, kədərli yazıları da onu tanıyanların qəlbində keçmişə qarşı kövrək hisslər oyadacaq.
      Fərhad kişi bir müddət Kosalar kəndində kolxoz sədri işləmişdir. Bu dövrdə maraqlı bir əhvalat olmuşdur. Yeri gəlmişkən, o, həmişə elin, obanın tərəfini saxlamış, heç bir milis işçisinin, meşə gözətçisinin kəndə gəlib kimsəni incitməsinə imkan verməmişdir. Yaz əkini zamanı kartof əkilən vaxt o, milislərə tapşırır ki, heç kəsin odun satmasına  imkan verməsinlər. Heç olmasa əkin planı yerinə yetirilənə qədər. Bu ərəfədə Fərhad kişi bir milislə Xankəndindən Kosalara gəlirmiş. Elə bu vaxt Eldar adlı bir nəfər Xankəndinə, öz qapısına bir maşın odun aparırmış. Milis həmin adamı odun dolu maşını ilə geriyə, kəndə qaytarmaq istəyir. Bu vaxt Fərhad Məmmədov öz minik maşınından yerə düşür və deyir ki, siz gedin sonra sürücü gəlib məni aparar. Milis işçisi təəccüblə ondan soruşur ki, bəs sən demədin ki, hələlik odun satışının qabağı alınsın? Bu vaxt o, cavab verir ki, düzdür, demişəm. Amma mən öz ellimi əsir kimi qabağımda apara bilmərəm. Vəziyyəti belə görən milis işçisi həmin adamı buraxır və Fərhad kişinin təəssübkeşliyinə heyran qalır.
      Fərhad Məmmədov rayonun müxtəlif təşkilatlarında hörmətə malik bir insan idi. Bu nüfuzu sayəsində müvafiq idarələrdən  texnika alaraq, Başkənd kəndinə gedən yolun abadlaşdırılmasına nail olmuşdur.
      Onun haqqında bir çox digər maraqlı xatirələr söyləmək olar. Hər bir xatirədə onun iç dünyası ilə tanış olmaq mümkündür.

Bir işim olmadı əsla bir kəslə,
Ev tikdim bağ saldım, böyük həvəslə.
Qarşımda dayanıb mehriban səslə,
Ata deyən uşaqlardan doymadım.

      Fərhad kişi bu dünyada əsl vətənpərvər insan kimi yaşadı. Böyük hörmət sahibi kimi də bu dünyadan köçdü. Ondan gözəl şeirləri nəsillərə yadigar qalmışdır. Fərhad kişi deyir:  “Axtarsa məni”

Bir zaman gözlərin axtarsa məni,
Sorağımı bu dağlardan xəbər al.
Ürəyim ordadır, ruhum ordadır,
Gur çaylardan, bulaqlardan xəbər al.

Meydanın düzündən çıxardım hara?
Kotan qayasından baxaram hara?
Dərib çiçəklərin taxardım hara?
Bahar vaxdı yaylaqlardan xəbər al.

Hansı qaya qucağında yatmışam?
Nə vaxt evdən çıxıb, nə vaxt çatmışam?
Hansı bərəsində güllə atmışam?
Qırxqızdakı oylaqlardan xəbər al.

Rəhmi yoxdur, çağırmayın fələyi.
Səsdən həzin-həzin əsən küləyi,
Qəlbimdə gizlənən arzu diləyi,
Kamandan xəbər al, tardan xəbər al.

      Fərhad əmi sanki, yuxarıdakı mövzunu davam etdirir. Aşağıdakı şeiri baxmayaraq ki, 1981-ci ildə Qırxqızda yazmışdır. Bu şeirdə də  bir həsrət duyulur:



Ovçu dosdum, üz tutursan dağlara,
Mən əvəzdən o dağları xəbər al.
Dolan Firəng yolun, Ayğırdan su iç,
Hər nə görsən üzüyuxarı xəbər al.

Hər bahar gəzdiyim uca dağları,
Mən gedə bilmirəm sən dolan barı.
Gör Pələng yol versə kotana sarı,
İllər boyu yatan qarı xəbər al.

Tezdən çıx ki, gün batmamış çatasan,
Od qalayıb kahalarda yatasan.
Ötənlərin başın hərdən qatasan,
Dolandığın ovlaqları xəbər al.

At qoruqda yığ köhlənin başını,
Ağzımcan öp qartal qonan daşını.
Yol verməyir, tez aldadır naşını,
Yüz min sirli qayalardan xəbər al.

Xəbər al, gör Heydər oğlu dururmu?
Ağ çadırın Çalayurdda qururmu?
Yoxuşlarda cavanları yorurmu?
Qan ağlayan yaylaqları xəbər al.

Məndən salam söylə ovçu Cabbara,
Gör indi nə edir o dostum Qara.
Namərdəm onlarsız çıxsam dağlara,
Bəxdi yatmış qocaları xəbər al.

Görməmiş qayıtma Ədil əmini,
De, çəkməsin bu dünyanın qəmini.
Açsa sinəsinin söz aləmini,
Fərhad deyər düz ilqarı xəbər al.

      Fərhad kişi bu dünyadan sanki köçün yığırmış kimi şikayətim var deyir.

Fələyin əlindən şikayətim var,
Kim edər dünyada ona etibar.
Özü ki, yaratdı gözəl insanlar,
Dübarə canını bəs niyə aldı.

      Şair sanki, həyatın vəfasızlığı ilə barışır.

Keçirdik cavanlığı, indi qocalıq duyuruq,
Gün nə vaxt gəlib keçdi, demə dünyadan  doyuruq.
Sən mənə hörmət elə, mən də sənə, vəfalım,
O zaman bizdən olan övlada adət qoyuruq.

Bir dəfə açdım gözüm, gördüm uşağam, nə bilim,
Bir dəfə hiss elədim bir uca dağam, nə bilim.
Quş kimi uçub getdi gəncliyimiz göz önündən,
İndi də hiss edirəm türmədə dustağam, nə bilim.

      Artıq həyata sığmayır, onun ruhu gördükləri ilə kifayətlənməyir. 

Hiç yorum yok:

Yorum Gönderme