24 Haziran 2016 Cuma

SƏNƏTİ İLƏ KOSALAR ELİNİN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYAN SƏNƏTKAR

     Əhmədov Yaqub Mirzalı oğlu, 1930-cu il mayın 1-də Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, 1946-cı ildə Kosalar kənd 7 illik məktəbini bitirərək Bakıya sənət məktəbinə oxumağa yola düşür. 6 ay oxuduqdan sonra Bakı tikinti idarəsində işə başlayır. 1946-1951-ci ilərdə respublika əhəmiyyətli bir çox binaların tikintisində yaxından iştirak edir. Belə tikintilər sırasında ATU-nun binası, Tofiq Bəhrəmov adına Respublika stadionu və bir çox başqa tikililəri göstərmək olar ki, orada Yaqub kişinin də zəhməti  az olmamışdır. O, 1953-cü ildən Ağdam şəhərində məskunlaşıb. Orada təmir tikinti idarəsində, PMK -8 və s. idarələrdə işləyib. Yaqub kişi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 14 nömrəli xüsusi elmi bərpa istehsalat emalatxanasının qabaqcıl bənnası olmuşdur. Ağdamda, Şuşada bir çox tarixi abidələrin bərpasında Yaqub kişi yaxından iştirak etmişdir. Belə abidələr sırasınada Pənah xanın, İbrahim xanın, Sarıcalı xanın, Mehdiqulu  xanın, Xanqızı Natəvanın, Natəvanın oğlunun türbələrini göstərə bilər ki, onların təmirində Yaqub kişinin zəhməti misilsiz olmuşdur.
       Yaqub Əhmədov
Ağdamda çoxmərtəbəli binaların tikintisində yaxından iştirak etmişdir. İşgüzar bənna onuncu beşillikdə nəzərdə tutulan şəxsi planını artıqlaması ilə yerinə yetirmişdir.
       Dünyada ən gözəl sənət əsərləri məhəbbətin qüdrəti, qüvvəsi ilə yaranan sənət əsərləridir. Sənətə məhəbətlə yanaşmasan uğur əldə edə bilməzsən. Bu baxımdan Yaqub kişi sənətinə məhəbətlə yanaşan bir insandır. Əgər belə olmasaydı o daşlara can verə bilməzdi. Artıq 82-ci ildir ki, Yaqub kişi sözün əsl mənasında çörəyi daşdan çıxan bir insandır.Yeri gəlmişkən qeyd edək ki, o, əslində çörəkpulu üçün çalışan insanlardan olmamışdır. O, yaratmışdır- yaratmışdır yaşamaq üçün. Yaratdıqları onu daim yaşadacaq.
       Göstərdiyi xidmətlərə görə Yaqub Əhmədov bir çox mükafatlarla- “Əmək veteranı” medalı (1988), “Qızıl əllər ustası” diplomu ilə təltif edilmişdir. O, eyni zamanda “Sosializm” yarışının qalibi olmuşdur. Onun əməyinə verilən qiymət daha da səmərəli fəaliyyəti üçün bir stimul olmuşdur.
       Yaqub kişi uzun sürən xəstəlikdən sonra 24.06..2016-cı il tarixdə dünyasını dəyişdi. Kosalar camaatı heç bir zaman onu unutmayacaqdır. Allah rəhmət eləsin...

Hiç yorum yok:

Yorum Gönderme