26 Ekim 2018 Cuma

Khazar LX” avtomobilləri açarlarının sahibləri “Xocalının səsi” qəzetinə öz təəssüratlarını bildirdilər

       
       Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
        Dövlətimizin başçısının tapşırığı ilə avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub. Ümumilikdə, 136 vətəndaşa Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunan “Khazar LX” avtomobilləri paylanılıb. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən Müharibəsi və Çernobıl əlilləridir.
        “Khazar LX” avtomobilləri açarlarının sahibləri sıralarında Xocalı rayon Kosalar kənd sakin-ləri, II qrup Qarabağ müharibəsi əlilləri - Abdullayev Elman Eldar oğlu, Məmmədov Natiq Kamal oğlu və Əhmədov Vüqar Qiyas oğlu da var. Cənab Prezidentimizin bu humanist addımından böyük sevinc və fərəh hissi keçirən avtomobil sahibləri “Xocalının səsi” qəzeti vasitəsilə öz təəssüratlarını bölüşürlər.
        Abdullayev Elman:
“Ölkə prezidenti Cənab İlham Əliyev hər zaman  məcburi köçkünləri, o cümlədən Qarabağ, Böyük Vətən Müharibələri, Çernobıl əlillərini və şəhid ailələrini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün lazımi tədbirlər görür. Bizə göstərilən diqqət və qayğıya görə dövlətimizə və Cənab Prezidentimizə minnətdarlıq edirəm”.
        Natiq Məmmədov: “Biz Vətən yolunda çəkdiyimiz əziyyətlərə görə qarşılıq gözləməsək də, dövlətimiz tərəfindən qiymətləndirildiyimiz üçün çox sevinirik. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı nəticəsində onların sosial vəziyyəti gündən-günə yaxşılaşır. Bizə hədiyyə edilən avtomobillər göstərilən diqqət və qayğının bariz nümunəsidir.”.
        Vüqar Əhmədov: “Bizim ailənin avtomobilə ehtiyacı var idi. Avtomobilin verilməsi hər birimizi sevindirdi. Buna görə də ailə üzvlərim və öz adımdan Cənab Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik”.
Nəşrə hazırladı: Qalib BƏYMƏMMƏDOĞLU

Hiç yorum yok:

Yorum Gönderme