1 Kasım 2018 Perşembe

“Uşaq hüquqları aylığı” çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi

        31 oktyabr 2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tövsiyəsinə əsasən “Uşaq hüquqları aylığı” çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər. Şagirdlər əllərində Ana, Vətən sevgisi şüarları yazılmış plakatlarla, rəngli şarlarla tədbirə xüsusi ahənglik qatdılar.

        Tədbirdə məruzə ilə çıxış edən təşkilatı işlər üzrə direktor müavini Rauf Mirzəyev Uşaq Hüquqları Konvensiyasının qəbul edilmə tarixindən, həmçinin dövlətimiz tərəfindən uşaqlara olan diqqət və qayğıdan danışdı. Bildirdi ki, ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 29 il ötür. Hər il olduğu kimi bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir.
        Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya
uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.
         Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edərək demişdir: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
        Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən, ideyalarını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər
Əliyev Fondu, şəxsən fondun prezidenti Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident  Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayırlar.
        Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev çıxışında qeyd etdi ki, ölkəmizin müstəqillik əldə etdikdən sonra insan hüquqları sahəsində qoşulduğu mühüm beynəlxalq sənədlərdən biri də məhz Milli Məclis tərəfindən 1992-ci ildə ratifikasiya edilmiş BMT-nin Uşaq Hüquqları Konvensiyası olmuşdur.
        Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Çünki uşaqların hər biri dövlətin gələcəyidir. Azərbaycan Respublikasında uşaq hüquqları dövlətimizin nəzarəti altında fəaliyyət göstərir.
       Hər cür diqqət və qayğı olan uşaqların vəzifəsi cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaqdır.
        Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda, həmçinin anaya aid şeirlər səsləndirdilər.
        Sonda şagirdlərə müxtəlif hədiyyələr və dərs ləvazimatları paylanıldı.
        Tədbir xoş ovqatla yekunlaşdı.














Hiç yorum yok:

Yorum Gönderme