14 Ocak 2020 Salı

Bu gün şəhidimizin xatirə günüdür


        Hümbətov Araz Rəsul oğlu, 1980-ci il yanvar ayının 15-də Əsgəran rayonunun Kosalar kənd nümayəndəliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. Araz 1986-cı ildə Əli Kərim adına Başkənd kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. Arazın ailəsi də erməni fitnəsi nəticəsində doğma yurdlarından didərgin salınmışlar. Bu səbəbdən ailələri 1992-ci ilin sonlarından Gəncə şəhər Hacıkənd qəsəbəsində məskunlaşmışlar. Bu səbəbdən Araz orta təhsilini Hacıkənd qəsəbəsində fəaliyyətini bərpa etmiş doğma məktəbində davam etdirmişdir. O, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirmişdir. Araz məktəbə getdiyi ilk günlərdən müəllimlərinin, şagird dostlarının rəğbətini qazanmışdır.

      Araz kiçik yaşlarından qohum-əqrəbanın, dost tanışın da hörmətini qazanmışdır. O, sakit təbiətə malik olan xoşxasiyyət bir insan idi. Araz həmçinin Vətəninə, torpağına, valideynlərinə hörmət etməyi bacaran bir şəxs idi. Hələ uşaq yaşlarından mənfur ermənilərin millətimizin başına gətirdikləri müsibətlərə həmişə qəzəb və ürək ağrısı ilə baxırdı. Onun doğma torpağa bağlılığının  səbəbləri çox idi. Hər şeydən əvvəl bu hiss onun şəxsinə xas olan xüsusiyyət idi. Eyni zamanda yaşının az olmasına baxmayaraq, doğma kəndinin döyüş səhnələri onun gözünün qabağında baş vermişdir. Nəhayət əmiləri, atası və digər qohumları nəinki Kosalarda gedən hərbi əməliyyatlarda, eyni zamanda Qarabağın bir çox bölgələrində gedən hərbi əməliyyatlarda fəal iştirak etmişlər. 

        Araz 1998-ci il oktyabr ayının 1-də  ən böyük arzusuna çatdı. O, könüllü olaraq Şuşa rayon hərbi komisarlığına müraciət etdi. Öz xahişi ilə “N” saylı hərbi hissənin Murovdağ silsiləsində yerləşən Ballıqaya postunda mina atan batareyada hərbi xidmətə başladı. Araz ilk vaxtlardan əsgər və zabitlərin sevimlisinə çevrildi. Vaxt, zaman öz işini gördü: 2000-ci il aprel ayının 1-də Prezidentimizin fərmanı ilə o, ehtiyata buraxılmalı idi. Lakin təəssüflər olsun ki,  aprel ayının 8-də Arazın da adı şəhidlər sırasına yazıldı. Torpaqlarımızın bütövlüyü uğrunda Vətən daha bir oğlunu itirdi.

        Məzarı Gəncə şəhər Şəhidlər Xiyabanındadır.
        Subay idi.

Hiç yorum yok:

Yorum Gönderme