21 Haziran 2020 Pazar

Kamal Fərhadoğlu

        Kamal Fərhadoğlu (Məmmədov), 1947- ci il aprelin 15-də indiki Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Şuşa Pedaqoji Texnikumunu, 1975-ci ildə isə Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan Kamal müəllim 52 il Azərbaycan dili və ədəbiyyatı fənnini böyük həvəslə şagirdlərinə öyrədib.
        Kamal müəllim daim ədəbi yaradıcılığa meyilli insan olmuşdur. Yaradıcılığa erkən yaşlarından başlayan Kamal müəllimin şeirləri Resbublikamızın bir çox mətbu orqanlarında mütamadi olaraq dərc edilir. Yorulmaz fəaliyyətinin nəticəsidir ki, “Dağlarda nisgilli bir ağım qaldı”(2008), “Rübailər”(2010), “Bəlkə elə Həsən Hüseyn səsiydi”(2010), "Anamın laylası nə gözəl imiş" (2013) adlı dörd kitabı işıq üzü görüb. Bir kitabı isə çap edilmək üzrədir. Bu kitabların əsas mövzusu Vətəndə vətənsizlik və yurdsuzluqdur. O, Vətən, yurd həsrətli bir insandır. Doğma kəndin gözəl təbiətindən zövq alaraq, gözəl şeirlər yazıb-yaratmışdır. Bu gün də ədəbi fəaliyyətini davam etdirir. Doğma torpaq işğal altındadır. Bu səbəbdəndir ki, son zamanlar Kamal müəllimin yaradıclığında yurd həsrətli şeirlər üstünlük təşkil edir.
Kamal müəllim: “ Mənim üzüm o vaxt güləcək ki, Şuşa həsrətinə, Kosalar ayrılığına son qoyulacaq. Elə ona görə də mənim Vətən, yurd həsrətli şeirlərim çox nisgilli, çox kədərlidir.”

Hönkürüb Ağlardım

Kəpəz, gendən durub elə hey məni,
Sən qəsdən yandırıb yaxdınmı,nədi?
Deyirdim dağlardı mənim pənahım,
Mənsiz Kirs dağına baxdınmı, nədi?

Kaş gözün olaydım, yurda baxaydım,
Hönkürüb ağlardım bir doyunca mən.
Dincəlib sakitlik tapmaram qəti,
Şuşa torpağına üz qoyunca mən.

Vətənsizliyin yayı Kamal müəllim üçün həmişə qış olmuşdur.



Yadıma salanda ötüb-keçəni,
Gözünün önündən gör nələr keçər.
Hərdən düşünəndə həyatın sonun,
Yaralı sinəmi qəm dələr keçər.

Zalım fələk mənə sitəmlər etdi,
Qurub-yaratdığım əlimdən getdi.
Görünür həyatım tay sona yetdi,
Buludlar başıma qar ələr keçər.

Nə sevildim nə də güldüm doyunca,
Nələr gördüm, ömrü başa vurunca.
Dünyanın işindən agah olunca,
Günlər ötər, aylar tez gələr keçər.

        Onun xəyalı daim yurdun dağlarını dolaşır. Xəyalən də olsa, Kamal müəllimi yaşadan o yerlərə səyyahət edir. Bəlkə də ona verilə biləcək bircə günlük Vətəndə real gəzintiyə bütün qalan ömrünü verərdi.

Boylanıb dağlara bir xeyli baxdım,
Ürəyim dözmədi, gözdən yaş axdı.
Bu fani dünyada, ey zalım fələk,
Nədən verdin mənə bu qara baxdı.

Dağları dolaşdım, düzləri gəzdim,
Bizim dağlar kimi dağlar görmədim.
Güllər bir-birinin eyni olsada,
Meyvəsi şirəli bağlar görmədim.

Qaçaq Nəbi gəzən Muxtökən dağı,
Kaş gözümlə yenə görə biləydim.
Murovdan adlayıb, Sarıbabadan,
Kotan qayasından Kirsə gələydim.

Pələng qayasında məclis quraydım,
Hər yandan quşların gələydi səsi.
Ovçu yoldaşlarım yanda olaydı,
Nurunun vuraydı məni nəfəsi.

Qara at altımda tüfəng çiynimdə,
Yaəli dağının döşün gəzəydim.
Dəfləri, Talanı, Otağın yalın,
Çox gəzib yorulub sonda bezəydim.

Hələ ki, qürbətdə qaçqın adıyla,
Gəzib-dolanıram xəsdə canımla.
Şuşadan ayrılıb mən nə iş tutum?
Günahım yuyular təkcə qanınla.

        Kamal müəllim daim mövcud vəziyyətə üsyan edir, heç vaxt bununla barışa bilmir. Yurd, el, oba, ev-eşik… kim aldı bunları əlimizdən deyir.

Yazın gəlməsinə nədən tələsdim,
Bəlkə bu baharda üzüm güləcək?
Sevinc bəxş edəcək quşların səsi,
O ötən günlərim bir də gələcək?

Kim aldı əlimdən gözəl çağları,
Məndən ayrı saldı bizim dağları.
Düşmən viran qoydu yaşıl bağları,
Hər kəsin günahın zaman biləcək.

Gözün görə-görə yurd-yuvan yansın,
Yüz ildə qurduğun oda qalansın.
Kamal hardan bilsin, kimə inansın?
Axan göz yaşların bir gün siləcək.

        Zaman, dövr belə qala bilməz. Arzu edirik ki, Kamal müəllimin yaradıcılığında əsas yeri yurda qələbə, qayıdış ruhunda yazılmış əsərlər tutsun.

Hiç yorum yok:

Yorum Gönderme